Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Pul nədir və insanlar onu qazanmaq üçün nələrdən keçirlər?
30 iyun 2024 13:34
448

Pul nədir və insanlar onu qazanmaq üçün nələrdən keçirlər?

Səhər saat 5-də yuxudan oyandım. 5:30-da yola düşəcək məşhur "bağ avtobusu"na çatmağa çalışdım və bacardım. Yolda gedərkən biraz mürgülədim. Gözümü açanda artıq çatmışdıq. Və beləcə hərkəsin iş üçün toplaşdığı məhşur Paşaovaya çatdım. Burada vəziyyət belədir: Meyvə bağları olan insanlar və həmin insanların meyvə bağlarında işləmək üçün gəlmiş işçilər. Bu gün mən həmin işçilər qrupuna daxil idim. Avtobusdan düşüb işləmək üçün sahə axtarışına başladım. Nəhayət, bir sahibkar tapdım və onun bağına gedən maşına mindim. Maşın dedikdə komfortlu oturacaqları nəzərdə tutmuram. “Ford Transit” markalı yük maşının arxasında - yükün qoyulduğu yerdə "kollegiya"larım ilə mən ayaqüstə bağa yola düşdük. Birinci elə bildim ki, maşının qapısını açıq saxlayacaqlar. Yola düşdükdə "supervayzer" qapını örtmək istəyirdi ki, hər kəs bir ağızdan:" sən Allah qapını azca açıq saxla, ürəyim sıxılır"-dedi. Bu səhnə baxdığım bir çox filmdən mənə tanış gəlirdi. Hətta bir an fikirləşdim ki, bəlkə bizi "Auşvitz"ə aparırlar. Amma yaxşı ki, Xaçmazda idim. Xoşbəxtlikdən, orada da “Auşvitz” yoxdur. Amma, girişdə bu yazılmışdı: "Arbeit bringt Geld"

Vəziyyəti xəyalınızda canlandırmaq üçün (nettiauto.com)
Vəziyyəti xəyalınızda canlandırmaq üçün (nettiauto.com)

Maşından düşdük və hər kəs yüklərini yerbəyer etdi. Bizim "supervayzer" mənə gilasları yığacağım ağacı göstərdi. Sistem belədir: gilası yığırsan sonra çəkisini ölçürlər.Hər topladığın kiloqram üçün 50 qəpik. Gərgin iş saatları başladı. İlk başlarda çox sürətli yığsam da, günəşin düşmə bucağının azalmağı ilə havanın daha da qızması işi çətinləşdirirdi.

Nahar fasilə xeyli maraqlı idi. Kölgəlikdə oturub kənd camaatı ilə söhbət etmək adama lap ləzzət edir. Onların özlərinə məxsus ləhçələri elə şirindir ki, həmişə eşitmək istəyirsən. Təbii ki, quşların səsini deməsəm olmaz. Onlar daima sizi müşayiət edirlər. Beləliklə, bir günü ötürdüm, saat 6 oldu. Bizim “supervayzer” başladı qışqırmağa: daha bəsdirin, çəki başlayır. Təbii ki, bunu eşidən mən ağacdan düşdüm və tərəziyə doğru yaxınlaşdım. Gördüyüm bir mənzərə məni təsirləndirdi: İnsanlar yorğun olmalarına baxmayaraq, dayanmırdılar. Hər kəs çalışırdı ki, 1-2 kilo artıq yığsın.

Hələ bu harası idi ki, daha sonra hər kəs ağacdan düşdü. Yüklərimi yığışdırırdım ki, gördüm hay-küy düşüb. Bir işçi o birinə deyir ki, sən bilərəkdən gilasları yerə atırsan, sonra da onları yığıb evə aparacaqsan. Onu da qeyd edim ki, ağacdan gilas dərib evə aparmaq qadağan idi. Sadəcə yerə düşmüş gilasları yığıb aparmaq olardı. İlk öncə öz-özümə düşündüm:“Sənin nəyinə lazımdır axı, o yerə atır ya göyə”. Amma sonradan hər şeyi başa düşdüm. Sən demə, insanlar yerə düşmüş gilasları yığır, daha sonra öz kəndlərinə aparıb satırlar. Ona görə camaat qırğın edirmiş ki, sən məndən çox qazanacaqsan. Doğrusu bu hadisələrə şahid olduqda çox təsirləndim. Elə o zaman – 17 yaşımda “pul nədir və insanlar onu qazanmaq üçün nələrdən keçirlər?” sualına cavab aldım.

Bu hadisə barədə 2 misal çəkəcəm. Biri inanclı insanlar üçün, digəri isə öz ideyaları ilə yaşayan insanlar üçün.

“Allah Öz bəndələrindən istədiyi kimsənin ruzisini artırar, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.” - (Ənkəbut surəsi, 62)

"Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər." - Konfutsi


6
Müəllif
Şərhlər