Kofe ləkəsi
Gecikmək Həsən üçün adət halını almışdı. O hər yerə gecikir, heç bir görüşə vaxtında çatmırdı. Artıq müdiri də onun əlindən təngə gəlmişdi.
Adətən səhər 7-də zəngli saat çalmağa başlayırdı. Saatlarla səbirsizliklə "qışqırmağı” gözləyən zəngli saatın səsi Həsənin ona toxunması ilə susurdu.
Ancaq bu o demək deyildi ki, çox gec yatan Həsən səhər yatağından vaxtında ayağa qalxırdı. O sadəcə bunu etməyə çalışırdı, lakin hər dəfə eyni şey alınırdı və bu illərlə davam edirdi . Tək yaşayan insanların çoxunun xüsusiyyətlərindən də biri bu idi.
Bu gün o 8-in yarısı-zəngli saat bir daha durmadan çaldıqdan sonra çətinliklə də olsa oyana bildi. Saata baxdıqda qanı qaraldı. Çünki, iş 8:00 -da başlayırdı, iş yeri isə kirayə qaldığı evindən 3 kilometr uzaqda idi. O həmişə işə piyada gedirdi. Bu onun xəstəliyi idi. Həsən tələm-tələsik hazırlanıb özünü bayıra atdı. Sürətli addımlarla getdi ki, işə çox gecikməsin. Səhər yeməyini evdə yemədiyi üçün həmişə yolunun üstündəki "bakery”dən bulka alırdı. Hər gün günəşin doğması onun üçün yarışın başlaması demək idi. Yuxudan gec durduğu üçün işə ildırım sürətilə gedir, işə gec başladığı üçün sürətli işləyirdi ki, işini tez bitirsin. lakin, heç vaxt işi vaxtında bitirə bilmirdi. İşdən gec çıxdığına görə evə tez bir zamanda qayıtmaq istəyirdi ki, heç olmasa bir az da olsa dincəlsin.
Gecə öz yerini gündüzə verir və beləliklə səhər eyni şey təkrar olunurdu . İstirahət günlərini saymasan.
Yarış yenə başladı. Geciksə belə adətindən qalmadı, "bakery”ə yollandı. Yol boyunca başını aşağı salaraq gedən Həsən yan-yörəsindəki insanlara fikir vermirdi. Bunun nəticəsi də pis oldu. Naməlum şəxs onun üzərinə kofe dağıtmışdı. Həsən bir anda əsəbləşdi:
– Lənətə gəlsin. I don’t believe it! – əsəbi halda dedi.
– Bağışlayın bilərəkdən etmədim – Naməlum şəxsin azərbaycanca danışdığını gördükdə Həsən sakitləşdi.
– Zərər deyil. Əslində mənim günahımdır. Bu gün işə getməməyim üçün bəhanə olar – o bivec adamlar kimi bunu deyərək arxaya döndü və gəldiyi tərəfə addımlamağa başladı. Yalnız sonra fərqinə vardı ki, üstünə kofe dağıdan həmyerlisi idi və sanki çoxmilyonluq şəhərdə öz həmyerlisi ilə qarşılaşmaq sıradan bir hadisə idi. Buna təəcüblənməməyə görə özünü danladı.
Evə gələn kimi paltarlarını çıxarıb yatağa uzandı. Yuxu onu bir andaca apardı və o yalnız günorta oyandı. Hava aydın və günəşli idi. Pəncərəni açaraq dərindən nəfəs aldı. Günün yaxşı keçəciyini düşündü. Gərgin keçən aylardan sonra ilk dəfə istirahətin mahiyyətini anladı. Radiodan gələn şən musiqi sədaları altında özü üçün yumurta bişirdi. Sonra isə, televizorun qarşısındakı masada süfrəni qurdu və televizoru açdı. Ancaq İlk loxması boğazında qaldı. Televizorda ana xəbərdə onun işlədiyi binanın yanındakı bina ilə birlikdə çökməsini gördü. Həmin gün 11 sentyabr 2001-ci il idi…