Anna Fr… yox, Gənc intellektualın layihəsinin gündəliyi
“Ümid edirəm ki, sənlə hər şeyimi bölüşə biləcəm, çünki bu günə qədər heç kimə güvənməmişəm, təki sən mənim üçün dəstək və rahatlıq mənbəyi olasan” – O belə başlamışdı. Mən isə belə başlayacam:
Mən – Aydın Kərimli, 17 yaşım var və ictimai fəalam, cəmiyyətə faydalı layihələr hazılayıram. Həmin layihələrdən birinin gündəliyini sizlərlə bölüşmək istəyirəm. Əgər mənə dəstək olarsa, öz layihələrimi davam etdirmək istəyirəm.
Belə layihələrlə məşğul olarkən həqiqətən də həzz alıram. Amma, nəzərə almaq lazımdır ki, bu cür layihələri dəstəksiz etmək mümkünsüzdür. Əgər mənə dəstək olsanız, sevə-sevə belə layihələrin ardını gətirərəm və digər rayonlarda da uşaqları sevindirərik.
29 May
Şabranlı bir gənclə tanış oldum. Ona 7 iyunda keçirəcəyim ”Göyərçin” intellektual oyunundan bəhs etdim. Çox bəyəndi. Bu proyekti və kitab paylama aksiyasını Şabranda da keçirəcəyimi dedikdə məni oradan əlaqəli olan insanla caladı. Mənə komandaların toplanmasında yardım edəcəyini dedi.
7 İyun
Sayca 2-ci təşkil etdiyim yarış olan “Göyərçin” intellektual oyununu komandam “HedaCore” ilə birlikdə keçirdik. Hər şey əla oldu.
8 İyun
Səhər oyandım. Ağlıma yeni ideya gəldi: Kitab toplama aksiyası. Bəli, kitabları toplayıb Şabranın dağ kəndlərində paylamağı planladım. Yeni layihə üçün işlərə başladım. Bu layihəni günlərlə götür-qoy etmişdim…
11 İyul
Layihəni həyata keçirmək üçün Sumqayıtdan Şabrana yola düşdüm. Şabranın mərkəzi bazarında düşdüm. Həll etməli olduğum məsələlər bunlar idi:
– Yarışın keçiriləcəyi məkanı tapmaq
– Yarışa maliyyə, sponsor tapmaq
– Aksiyada toplanan kitabların daşınması üçün nəqliyyatın təmin olunması
Birbaşa Heydər Əliyev Mərkəzinə getdim. Məkan məsələsi həll olundu. Növbə mailiyyə tərafdaşındadır. Şabran rayon Gənclər və İdman sektoru maddi və nəqliyyat vəzifəsini öz üzərinə götürdü (Həqiqətən ideyaya çox isti yanaşdılar). GİKM-in Şabran rayon nümayəndəliyi də bizi texniki avadanlıq və komandaların yığılmasında yardım edəcəkdi.
14 İyul
İndi komanda yığmalı idim. Çünki sualların yazılması, kitabların daşınması, yarışın keçirilməsi üçün lazımi tədbirlərin görülməsi əla formalaşmış komanda tələb edir. Bu yolda xalam oğlu Namik Xəlilov sualları yazacaq və Şabranda bəzi texniki avadanlıqlarla təmin edəcəkdi. Yaxın dostlarım Yusif Şirinov və Ramiz Əkbərov bütün proses boyu yanımda olacaqdılar(oldular da!). Və komanda hazır olduqdan sonra, yarışa qeydiyyatı açdım.
16 İyul
Artıq yarışa hazırlıq öz axarında gedir. Aksiyaya başlamaq lazımdır. Gərəkli bütün işləri edib, qutuları mağazalara yerləşdirdim. Kitabları toplamağa başladım. İlk dəstəkçi Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər şöbəsinin sədri Gülnarə Cəmaləddin oldu. Daha sonra ardınca Kibrit kitab klubu, şair,tanınmış bukinist Xan Rəsuloğlu, Poeziya evinin direktoru İbrahim İlyaslı öz dəstəklərini göstərdilər. Təbii ki, bizə dəstək olmaqdan imtina edənlər də oldu, amma adlarını çəkmək istəmirəm.
18 iyul
Layihəmizə digər böyük dəstək Sumqayıt Tələbə Gənclər Təşkilatının sədri Famil Pirəliyevdən gəldi.
22 İyul
Artıq hər şey hazırdır. Sumqayıt şəhəri, 34 nömrəli tam orta məktəbin direktoru Afiq İsmayılovun təşəbbüsü ilə Sumqayıt şəhəri 42 nömrəli tam orta məktəbin direktoru Hicran Nəsirova, 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova, 10 nömrəli tam orta məktəbin direktoru Səmra Quluzadə aksiyamıza maddi dəstək edərək yeni bədii kitabların alınmasına şərait yaratdılar. Beləcə, biz Şabran rayonuna yola düşdük. Orada sabah üçün bütün hazırlıqları gördük.
23 İyul
Saat 12-də yarış başlamalı idi. 11:00 də hər şey hazır idi. İştirakçıları gözləyirdik. Yarışda qonaq qismində Şabran rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova, Şabran rayon Gənclər və İdman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxış etmişdirlər. Həmçinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şabran rayon nümayəndəsi Zəkiyyə Kərimova və təcrübəçilər yarışın keçirilməsinə dəstək göstərdilər.
1 avqust
Sıra kitabların paylanmasında idi. İyundan bəri planladığım layihə həyata keçirdi. İlk öncə Şabran rayon Gənclər və İdman sektorunun əməkdaşları ilə birlikdə Şabranın Dağ Bilici, daha sonra isə Pirəbədil kəndlərinə yollandıq. Oradakı anları sizə sözlərlə izah edə bilmərəm. Ona həmin anları sizə videoçarx və şəkillərlə çatdırmaq istəyirəm.
Aydın Kərimli